Sənədlərin məhkəmə-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:
Sənədlərin blanklarının tədqiqi üzrə
– Sənədlərin və ya onun blankı hansı üsulla (əllə, yoxsa mətbəə şəraitində) hazırlanmışdır?
– Sənədlərin blankları hazırlanarkən mətbəə qaydalarına riayət edilmişdirmi?
– Tədqiqata göndərilən sənədlərin blankları eyni üsullamı və hansı klişe ilə hazırlanmışdır?
– Tədqiqata göndərilən sənədlərin blankları hansı çap üsulu ilə (hündür, dərin, səthi, trafaret) hazırlanmışdır?
– Sənədlərin blankları hazırlanarkən çap formalarından istifadə olunmuşdurmu, əgər olunmuşdursa, hansından?
-Sənədlərin blankları hazırlanarkən mətbəədə yığılmış mətnlərdən istifadə olunmuşdurmu, əgər olunmuşdursa hansından (əllə, linotip)?
– Sənədlərin blankları hazırlanarkən neçə növ şriftlərdən yığılmış mətnlərdən istifadə olunmuşdur?
– Sənədlərin blankları eyni klişe ilə nəşr edilmişdirmi?
– Sənədlərin blankları konkret (göstərilən) mətbəədə nəşr edilmişdirmi?
– Sənədlərin blanklarının nəşr olunma vaxtı müəyyən edilsin;
– Sənədin blankları hazırlanarkən konkret şəxsdən götürülmüş şrift və ya başqa materiallardan istifadə olunmuşdurmu?
Möhür, ştamp, ştempellərin tədqiqi üzrə
– Tədqiqata təqdim edilən möhür (ştamp, ştempel) hansı: əllə, yoxsa mətbəə üsulu ilə hazırlanmışdır?
– Təqdim olunan möhür, ştamp və ştempellərin hazırlanmasında eyni və ya müxtəlif şriftlərdən istifadə olunmuşdurmu?
– Təqdim olunan sənəddəki (sənədlərdəki) möhür (ştamp, ştempel) əksləri hansı üsulla hazırlanmış möhürlə (ştamp, ştempel) vurulmuşdur?
– Möhür (ştamp, ştempel) əksi sənəd üzərinə hansı üsulla (başqa sənəddə olan möhür əksindən köçürülməklə, köçürmə kağızı vasitəsi ilə icra olunmaqla, şəkli çəkilməklə, çoxaldıcı vasitələrdən istifadə olunmaqla) köçürülmüşdür?
– Sənədlərin üzərində möhür (ştamp, ştempel) əksləri eyni bir klişedən vurulmuşdurmu?
– Təqdim olunan sənəddəki möhür (ştamp, ştempel) əksi əks nümunələri təqdim olunmuş konkret idarə, müəssisə və təşkilata məxsus olan möhürlə (ştamp, ştempel) vurulmuşdurmu?
– Möhür (ştamp, ştempel) əksi içərisində hansı məzmunda mətn vardır?
– Etiketlərin arxa hissələrindəki rəqəmlər konveyer rəqəmlərinə uyğundurmu, nümunələri təqdim olunan konkret konveyerə aid ştempellə vurula bilərmi?
– Etiketlərin arxa hissələrindəki rəqəmlər konkret şəxsdən götürülmüş nömrələyici ilə vurula bilərmi?
Makina yazılarının tədqiqi üzrə
– Sənədin (sənədlərin) icra olunduğu yazı makinası hansı sistem markaya aiddir və şriftləri hansı növə aiddir?
– Mətn konkret (adını göstərməli) makina ilə çap olunmuşdurmu?
– Mətn və ya onun bir hissəsi eyni və ya müxtəlif makinalarda çap olunmuşdurmu?
– Tədqiq olunan mətn müqayisəli tədqiqat aparmaq üçün yazı nümunələri təqdim olunmuş yazı makinalarından hansında çap olunmuşdur?
– Tədqiq olunan konkret yazı, makina təmir olunandan əvvəl, yoxsa sonra çap olunmuşdur?
– Təqdim olunan mətn müqayisəli tədqiqat aparmaq üçün sərbəst və eksperimental makina yazılarının nümunələri göndərilən hansı şəxs tərəfindən icra olunmuşdur?
– Təqdim olunan makina yazısının mətni eyni və ya müxtəlif şəxslər tərəfindən icra olunmuşdurmu?
– Yazı makinasında köçürmə kağızı vasitəsilə icra olunmuş sənəd müqayisə aparmaq üçün təqdim olunan sənədin surətidirmi?
– Təqdim olunan 3 (üç) nüsxədən ibarət qaimə yazı makinasında köçürmə kağızı vasitəsilə eyni üsulla, birbaşa icra olunmuşdurmu?
– Makinada icra olunmuş sənədin mətni hər hansı bir rəqəm, hərf, söz əlavə edilməklə dəyişdirilmişdirmi?
– Təqdim olunan makina yazısının mətni neçənci nüsxədir?
– Mətnin icrasında konkret makina yazı lentindən istifadə olunmuşdurmu?
Elektron hesablama maşınlarının və onların çap məhsullarının tədqiqi üzrə
– Mətnin çap olunduğu printerin tipi, markası və modeli müəyyənləşdirilsin.
– Təqdim olunan mətnin məzmununda dəyişikliklər olunmuşdurmu, əgər olunmuşdursa, onun ilkin məzmunu necə olmuşdur?
– Təqdim olunan mətni icra edənin vərdişi necədir (aşağı, yüksək)?
– Təqdim edilən sənədə əlavə olunmuş qeydin müddətini müəyyənləşdirmək mümkündürmü?
– Təqdim olunan mətn nümunələri təqdim olunmuş hansı printer vasitəsilə icra edilmişdir?
– Təqdim olunan mətn icra olunduğu zaman hərfdaşıyıcılar dəyişdirilmişdirmi?
– Təqdim olunan mətn eyni çap proqramında hazırlanmışdırmı?
– Mətnin icrası zamanı eyni rəngləyicidən istifadə olunmuşdurmu?
Sənədlərin əvvəlki məzmunlarının dəyişdirilmə faktının tədqiqi üzrə
– Sənədin mətni hər hansı, bir dəyişikliyə (mexaniki və ya kimyəvi üsulla pozma, əlavə etmə, üstündən düzəltmə və s.) məruz qalmışdırmı?
– Sənədin mətni silinmişdirmi, əgər silinmişdirsə, onda əvvəlki məzmun necə olmuşdur?
– Sənədin mətni kimyəvi pozulmaya məruz qalmışdırmı, əgər qalmışdırsa, onda hansı məzmunda mətn pozulmuşdur?
– Kimyəvi pozulmada hansı maddələrdən istifadə olunmuşdur?
– Sənəd bütövlükdə yuyulmuşdurmu, əgər yuyulmuşdursa, onda əvvəlki məzmunu necə olmuşdur?
– Sənədin məzmununa hər hansı bir söz, rəqəm, cizgi əlavə edilmişdirmi, əgər edilmişdirsə, əlavə hansı məzmundadır?
– Sənədin məzmunundakı söz və rəqəmlər üstdən düzəltməklə dəyişiklik edilmişdirmi?
Sənədlərin görünməyən mətnlərinin tədqiqi üzrə
– Sənəddə görünməyən (simpatik) mürəkkəblə icra olunmuş hər hansı bir yazı vardırmı, onların məzmunu nədir?
– Rəngsizləşmiş, mürəkkəblə, tuşla qaralanmış mətnin məzmunu necədir?
– Köçürmə kağızının köməyi ilə yazılmış mətnin məzmunu həmin kağız üzərindəki cizgilərə görə müəyyən edilsin.
– Mətnin məzmunu sənədin tərtib olunduğu zaman alt hissəyə qoyulmuş kağızın və ya hər hansı bir predmetin üzərində qalmış cizgilərə görə müəyyən edilsin.
– Suçəkən kağız üzərindəki izlərə görə sənəddəki yazıların məzmunu müəyyən edilsin.
– Təqdim edilən təmiz kağız üzərində sənəddən keçmiş yazı izləri vardırmı?
– Yuyulmaya məruz qalmış predmet üzərində əvvəlcə hansı qeydlər olmuşdur?
Zədələnmiş (kəsilmiş, yanmış və s.) sənədlərin tədqiqi üzrə
– Tədqiqata təqdim edilən kağız hissələri əvvəllər bütövlük təşkil etmişdirmi?
– Kəsilmiş sənədin mətni necə olmuşdur?
– Yanmış hissələr hansı sənədin hissələridir?
– Yanmış sənədin məzmunu necə olmuşdur?
– Təqdim edilən kül yığımına görə pulun məbləğini müəyyən etmək mümkündürmü?
– Yanmış pullar hansı dəyərdə əsginaslar olmuşdur?
– Təqdim edilən hissələrə görə hansı sənədlərin (pul nişanlarının və s.) yandırıldığını müəyyən etmək mümkündürmü?
Sənədin hissələrinin xronoloji ardıcıllığının və onların hazırlanma vaxtının tədqiqi üzrə
– Sənədin mətni hazırlanandan sonra oraya hər hansı bir müəyyən cizgi, işarə və ya söz əlavə olunmuşdurmu?
– Sənədin mətni və onunla kəsişən imzadan hansı əvvəl icra olunmuşdur?
– Sənədin mətni və onunla kəsişən möhür əksindən hansı əvvəl olmuşdur?
– Möhür əksi və onunla kəsişən imzadan hansı əvvəl icra olunmuşdur?
– Bir-biri ilə kəsişən iki imzadan hansı əvvəl icra olunmuşdur?
– Bir-biri ilə kəsişən iki mətndən hansı əvvəl icra olunmuşdur?
– Sənədin üzərindəki mətn (imza, möhür əksi) həmin sənəd qatlandıqdan sonra və ya əvvəl icra olunmuşdur?
– Əlavə olunan qeyd, sənədin hər hansı bir hissəsi qatlandıqdan sonra icra olunmuşdurmu?
-Köçürmə kağızı vasitəsilə icra olunmuş qaiməyə hər hansı bir söz əlavə olunmuşdurmu? Bir neçə nüsxədən ibarət olan qaimədə bütün sözlər eyni vaxtda icra olunmuşdurmu?
– Qeydiyyat jurnalındakı bütün yazılar eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda icra olunmuşdur?
– Sənədin icra olunmasının nisbi müddətini müəyyən etmək mümkündürmü, mütləq müddət müəyyən oluna bilərmi?
– Sənədin icra olunduğu vaxt, onun kağızının, blankının, yazı materiallarının istehsal olunduğu vaxta uyğun gəlirmi?
İmzaların texniki tədqiqi üzrə
– Tədqiq olunan imza, hər hansı bir imzadan texniki vasitələrin köməyi ilə (sürətköçürmə kağızından, işıq altında köçürmədən, fiziki təsir etməkdən, kalka kağızından istifadə etməklə) köçürülmüşdürmü?
– Tədqiq olunan imzanın hazırlanmasında hər hansı bir qurğudan (elektroqrafiya, fotoqrafiya) istifadə olunmuşdurmu?
– Tədqiq olunan imza müqayisəli tədqiqat aparmaq üçün təqdim olunmuş sənəddəki imzadan köçürülmüşdürmü?
Pul və qiymətli kağızların tədqiqi üzrə
– Tədqiqata təqdim edilən pul əskinasları, istiqraz vərəqələri, qiymətli kağızlar və s. hazırlanması üsuluna görə standarta uyğundurmu?
– Əgər həmin sənədlər standarta uyğun deyildirsə, onda hansı üsulla hazırlanmışdır?
– Təqdim olunan sənədlərin hazırlanmasında eyni üsuldan istifadə olunmuşdurmu?
– Təqdim olunan pul əskinasları eyni mətbəədə, eyni yığım üsulu ilə və eyni klişedən istifadə olunmaqla hazırlanmışdırmı?
– Təqdim edilən pul nişanları şübhəli şəxsdən götürülmüş klişenin köməyi ilə hazırlanmışdırmı?
– Təqdim olunan pul nişanlarının hazırlanmasında eyni materialdan (rəng, kağız) istifadə olunmuşdurmu?
– Pul nişanlarının hazırlanması zamanı şübhəli şəxsdən göturulmuş materiallardan istifadə olunmuşdurmu?
– Təqdim edilən pul əskinaslarının, istiqraz vərəqələrinin hər hansı bir fraqmenti sonradan dəyişdirilmişdirmi?
– İlkin seriya, nömrə və məbləğ neçə olmuşdur?
– Təqdim edilən pul nişanlarının, istiqraz vərəqələrinin hər hansı rekviziti sonradan yapışdırılmaqla dəyişdirilmişdirmi?
Təkrar yapışdırmanın tədqiqi üzrə
– Təqdim edilən sənəddəki fotoşəkil təkrar yapışdırılmaya məruz qalmışdırmı?
– Sənəddəki fotoşəkil tam dəyişdirilmişdir, yoxsa onun bir hissəsi dəyişdirilmişdir?
– Sənədin məzmunu sonradan yapışdırılma üsulu ilə dəyişdirilmişdirmi, əgər dəyişdirilmişdirsə, onda məhz hansı yazılar dəyişdirilmişdir?
– Sənəddəki yazılar onun üzərinə sonradan yapışdırılmışdırmı?
– Zərfin ağzı sonradan yapışdırılmaya məruz qalmışdırmı?
– Zərfin üzərindəki markalar sonradan (təkrar) yapışdırılmaya məruz qalmışdırmı?
Kassa qəbzlərinin tədqiqi üzrə
– Kassa qəbzlərindəki işarələr dəyişdirilmişdirmi?
– Həmin dəyişikliklər hansı üsulla edilmişdir?
– Qəbzdə əvvəlki işarələrin məzmunu necə olmuşdur?
– Qəbzlərin nəşr olunduğu kassa aparatı hansı tipdən və növdəndir?
– Təqdim olunan qəbzlər, nümunəsi tədqiqata göndərilən kassa aparatında nəşr oluna bilərmi?
– Kassa qəbzlərinin nəşr olunma vaxtını müəyyən etmək olarmı?
– Təqdim olunan qəbzlərin kağızı bu məqsədlər üçün istifadə olunan kağıza uyğundurmu?
– Təqdim olunan kassa qəbzlərinin üzərindəki işarələr eyni vaxtda, eyni kassa aparatında icra olunmuşdurmu?
Komposter işarələrinin tədqiqi üzrə
– Təqdim olunan biletdəki komposter işarələri dəmiryol biletlərini nişanlayan komposterlə və ya başqa bir komposterləmi edilmişdir?
– Əgər dəmiryol biletlərini nişanlayan komposterlə edilməmişdirsə, onda hansı üsulla edilmişdir?
– Təqdim olunan biletdəki komposter işarələri bu və ya başqa komposterlə edilmişdirmi?
– Təqdim edilən biletdəki komposter işarələri numunələri tədqiqata göndərilən komposterlə edilmişdirmi?
Yazı alətinin tədqiqi üzrə
– Təqdim edilən sənəddəki mətn, imza və s. hansı növ yazı aləti (avtomat qələm, diyircəkli qələm pastası, flomaster vasitəsilə və s.) ilə icra edilmişdir?
– Mətn təqdim olunan karandaşlardan hansı ilə yazılmışdır?
– Təqdim olunan sənədin mətni hansı pero ilə yazılmışdır?
– Sənədin mətni eyni və ya müxtəlif pero və ya diyircəkli qələm pastası ilə yazılmışdırmı?
– Sənədin mətni təqdim edilən pero və ya diyircəkli qələm pastası ilə yazılmışdırmı?
Sənədin materiallarının (kağız, rəng, yapışqan və s.) tədqiqi üzrə
– Təqdim edilən sənədlərin hazırlanmasında eyni növ kağızdan istifadə edilmişdirmi?
– Təqdim edilən kağızlar bir dəftərin vərəqləri və ya eyni bir bütöv vərəqin hissələri olmuşdurmu?
– Hissələrə ayrılmış kağız qırıntıları eyni tərkiblidirmi və hansı növə aiddir?
– Tədqiq olunan sənədin kağızı müqayisəli tədqiqat aparmaq üçün təqdim edilən kağıza uyğundurmu?
– Təqdim edilən kağız hissəsi və qalıqları eyni bir vərəqin hissələridirmi?
– Təqdim olunan sənəd eyni növlü yazı materialları ilə icra olunmuşdurmu?
– Müqayisə olunan mətnlər nə ilə (mürəkkəblə, diyircəkli qələm pastası ilə, flomasterlə, köçürmə kağızı və ya makina lenti vasitəsilə) icra olunmuşdur?
– Müqayisə edilən sənədlərin mətnləri eyni və ya müxtəlif mürəkkəblə (pasta və s.) icra olunmuşdurmu?
– Tədqiq olunan sənədin mətninin müəyyən bir hissəsi başqa mürəkkəblə icra olunmuşdurmu?
– Tədqiq olunan sənədin mətni, onun bir hissəsi və ya oradakı imzalar hansı növlü və tərkibli yazı vasitəsilə icra olunmuşdur?
– Tədqiq olunan sənəddəki yazılar təqdim olunan qələmdəki, mürəkkəb qabındakı mürəkkəblə (tuşla) icra olunmuşdurmu?
– Müqayisə olunan sənədləri hazırlamaq üçün eyni üz köçürmə kağızından, eyni makina lentindən istifadə olunmuşdurmu?
– Təqdim olunan sənəddəki yapışqan hansı növə aiddir?
– Təqdim olunan yapışqan maddələri eyni mənşəyə malikdirmi?
– Təqdim olunan sənəddə bir və ya neçə yapışqan təbəqəsi vardırmı?
Məhkəmə-fototexniki ekspertizası üzrə
– Təqdim edilən lent (ayrıca neqativ) göstərilən fotoaparatda işlədilmişdirmi?
– Təqdim edilən neqativlər (lent, plastinka) göstərilən kasetdə işlədilmişdirmi?
– Təqdim edilən iki (və ya çox) lentlər eyni və ya həmin fotoaparatda (və ya eyni kasetdə) işlədilmişdirmi?
– Təqdim edilən fotoşəkillər göstərilən reproduksiya qurğusundan istifadə etməklə hazırlanmışdırmı?
– Təqdim edilən fotoşəkillər göstərilən böyüdücüdən, kvadratlaşdırıcı çərçivədən istifadə etməklə hazırlanmışdırmı?
– Təqdim edilən fotoşəklin hazırlanmasında göstərilən kəsicidən, quruducudan istifadə edilmişdirmi?
– Təqdim edilən fotoşəkillər göstərilən neqativdən hazırlanmışdırmı?
– Təqdim edilən neqativdə (fotoşəkildə) həmin original əks olunmuşdurmu?
– Şəkillərdə əks olunmuş bu və ya digər obyektin ölçüsü nə qədərdir?
– Şəkildə əks olunmuş iki obyekt bir-birindən hansı məsafədədir?
– Şəkil hansı (təbii və ya süni) işıqda çəkilmişdir?
– Fotoşəkil əlavə emal olunmuşdurmu, əlavə şəffaflıq və ton verilmişdirmi, şəffaflaşdırılma hansı üsulla aparılmışdır?
– Şəklin hazırlanmasında neqativ və ya tuşlaşdırmadan istifadə olunmuşdurmu?
– Şəkillərdə əks olunmuş obyektlər naturadan çəkilmişdir, yoxsa reproduksiya edilmişdir?
-Təqdim edilən şəkil fotoqrafiya prosesləri texnologiyasına riayət edilməklə hazırlanmışdır?
– Təqdim edilən fotoşəklin hazırlanmasında hansı tip və hansı növ fotokağızdan istifadə edilmişdir?
– Təqdim edilən fotoşəkil kağızı şübhəli şəxsdən tapılmış kağızla eynidirmi?
– Təqdim edilən fotoşəklin hazırlanmasında hansı növ aşkarlayıcıdan istifadə edilmişdir?
– Təqdim edilən fotoşəkildəki (neqativdəki) əksi bərpa etmək mümkündürmü?
– Üzəri maddə ilə örtülmüş fotoşəkildəki əksi bərpa etmək mümkündürmü?
– Təqdim edilən fotoşəkil nə vaxt (hansı dövrdə) hazırlanmışdır (hazırlana bilərdi)?
– Təqdim edilən şəkillər eyni bir dövrdə hazırlanmışdırmı (hazırlana bilərdimi)?