Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Xətşünaslıq ekspertizası

Məhkəmə-Xətşünaslıq ekspertizası əlyazma mətnlərin, imzaların, rəqəmli yazıların konkret icraçısının, qrup mənsubiyyətinin icra olunma şəraitinin müəyyən edilməsi məqsədi ilə aparılır.

 

Məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspertə aşağıdakılar təqdim edilməlidir:

– xüsusi protokolda ətraflı təsvir olunmaqla tədqiq olunan sənədlər;

– haqqında sual qoyulan (tədqiq olunan mətnin və ya imzanın adından icra olunan şəxsin, tədqiq olunan mətnin və ya imzanın icra olunmasında şübhəli bilinən) şəxsin sərbəst, eksperimental və şərti-sərbəst xətt və imza nümunələri.

Məhkəmə-Xətşünaslıq ekspertizasının təyini zamanı tədqiqat obyekti qərarda (qərardadda) müraciətdə konkretləşdirilir: tədqiq olunmalı mətn (və ya onun hissəsi), imza, rəqəmli yazı, onların tədqiq olunan sənəddə yerləşməsi və s. dəqiq göstərilir.

Tədqiqat obyekti imzalar olduqda ekspertiza qarşısında ilk olaraq adlarından imzalar icra olunmuş şəxslərin özlərinin, sonra isə həmin imzaların icrasında şübhəli bilinən digər şəxslərin adlarından sual qoymaq lazımdır.

Əgər tədqiq olunan imzalar uydurma şəxslərin adlarından icra olunubsa, bu barədə qərarda (qərardadda) müraciətdə mütləq qeyd olunmalıdır.

Sərbəst xətt nümunələri – ekspertizası təyin edilən iş qaldırılana qədər və həmin işin halları ilə əlaqəli olmayan icra olunmuş əlyazmalardır: kadrların uçotu üzrə şəxsi vərəqələr, tərcümeyi-hallar, icmallar, ödəniş cədvəlləri, kassa mədaxil və məxaric orderləri, pensiya ödəniş tapşırıqları, şəxsi və xidməti yazışmalar və s.

Eksperimental xətt və imza nümunələri – ekspertiza icraatı üçün müqayisəedici material əldə etmək məqsədi ilə icra olunmuş mətnlər, rəqəmli yazılar və imzalardır.

İş üzrə izahatlar, dindirmə protokolları, ərizələr, şikayətlər və s. sənədlərdə olan xətt və imza nümunələri (yəni iş qaldırıldıqdan sonra, lakin xüsusi olaraq müqayisəli tədqiqat üçün olmadan icra olunmuş əlyazmalar və imzalar) şərti-sərbəst xətt və imza  nümunələrinə aid edilir.

Sərbəst və bir sıra hallarda şərti-sərbəst nümunələrin etibarlılığını müvafiq əlyazmaların adlarından qeyd olunan, yaxud mənsubluğu güman edilən şəxslərə təqdim olunması yolu ilə təmin edilir.

Əgər hər hansı bir səbəbdən (ölüm, başqa yerdə olması) əlyazmaları (imzaları) tanınmaq üçün onları icra etmiş şəxsin özünə təqdim etmək mümkün deyildirsə, onda həmin əlyazmaların (imzaların) adından tədqiqat işi aparılacaq şəxsə mənsub olmasını təsdiq etmək üçün onlar şəxsin işlədiyi müəssisənin rəhbərliyinə, onun iş yoldaşlarına, tanışlarına və ya qohumlarına təqdim edilir və bu, ekspertiza təyini barədə qərarda (qərardadda) xüsusi olaraq qeyd olunur. Əgər nümunələrin həqiqiliyinə şübhə vardırsa və bu şübhəni aradan qaldırmaq mümkün deyildirsə, onda həmin nümunələr ekspertizaya təqdim edilməməlidir.

Əlyazma mətnlərin, rəqəmli yazıların  və imzaların tədqiqatı zamanı adından sual qoyulmuş şəxsin sərbəst xətt nümunələri 5-6 (beş-altı) vərəqdən az olmayan müxtəlif xarakterli sənədlərdə (şəxsi işin materialları, ərizələr, qaralama yazılar, məktublar və s.), sərbəst imza nümunələri isə 10-dan (on) az olmayan sənədlərdə (ödəniş cədvəllərində, ərizələrdə, pensiya ödəniş tapşırıqlarında və s.) təqdim olunmalıdır. Eksperimental xətt və rəqəmli yazı nümunələri 12 (on iki) vərəqdən az olmayaraq, eksperimental imza nümunələri isə 30-40-dan (otuz-qırx) az olmayaraq (müxtəlif vərəqlərin hər birində 5-6 (beş-altı) imza götürülməlidir.

Sərbəst xətt və imza nümunələrinin təqdim olunduğu sənədlər tədqiq olunan sənədlə növünə, yazıya (qrafika) və dilinə, icra olunma vaxtına, məqsədli təyinatına və məzmununa, yazı alətinə (kibrit çöpü, ucu itilənmiş çubuq parçası, plakat qələmi, dodaq boyası, flomaster və s.) və materialına (karton parçası, parça, kağız və s.), icra olunma şəraitinə, icra olunma surətinə, icra olunma üsuluna (vərdişsiz sol əllə yazı, meylin dəyişməsi, çertyoj, kitabxana və digər şriftlər və s.) uyğun olmalıdır.

Çap hərfləri, xüsusi şriftlə və ya sol əllə icra olunmuş mətnlərin icrası zamanı ekspertizaya adi qaydada icra olunmuş nümunələrdən başqa, müvafiq şriftlə və sol əl ilə icra olunmuş eksperimental nümunələrin təqdim olunması zəruridir.

Əgər tədqiq olunan mətnin (yazının, imzanın) qəsdən dəyişdirilmiş xətlə (qeyri-adi şəraitdə) icra olunma gümanı varsa, eksperimental nümunələrin müvafiq şəraitdə (müxtəlif sürətlərlə, duruş vəziyyətində – oturan halda, ayaq üstə və s.) götürülməsi zəruridir.

İmzanın icrasında şübhələnən şəxslərin eksperimental xətt nümunələri mütləq adından  imza olunan şəxsin soyadını, adını və atasının adını özündə əks etdirməlidir.

Rəqəm yazı nümunələri müvafiq rəqəmlərin  ayrılıqda və bir-biri ilə əlaqəli (yəni tədqiq olunan sənədlərdə olan variantlarda) icra olunmuş şəkildə götürülməlidir.

Ekspertizaya hər hansı bir növ nümunələrin təqdim olunması mümkün olmadığı hallarda (məs: sərbəst nümunələri əldə etmək mümkün olmamış, eksperimental nümunələrin götürülməsi müəyyən səbəblərdən qeyri-mümkündür və s.), ekspertə həmin nümunələrin təqdim olunmasının qeyri-mümkünlüyünün səbəbləri barədə məlumat verilməlidir.

Ekspertizanı təyin etmiş təhqiqatçı, müstəntiq, prokuror və hakim ekspertə adlarından sual qoyulmuş şəxslər barədə aşağıdakı məlumatları verməlidirlər: yaşı, milləti, işlədiyi yer, müəyyən vəzifədə işləmə müddəti, sağlamlıq vəziyyəti, psixi və digər ağır xəstəliklərə, xroniki alkoqolizmə və narkomaniyaya düçar olması, xəttin formalaşmasına və tədqiqat obyektinin icra olunmasına təsir edə bilən digər məlumatlar.

Məhkəmə-xətşünaslıq ekspertizasının təyini zamanı müqayisəedici tədqiqat aparılması üçün nümunələrin (sərbəst, eksperimental, şərti-sərbəst) alınması Azərbaycan Respublikası CPM-nin 336-cı maddəsinə uyğun olaraq xətt və imza nümunələrinin alınması barədə qərarın çıxarılması və həmin nümunələrin götürülməsi barədə protokolun tərtib olunması ilə yerinə yetirilir və həmin protokolun surəti ekspertə göndərilir.

Bu səhifənin məzmununu qorunub