Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Yol-nəqliyyat hadisələri ekspertizası

Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmeti nəqliyyat vasitəsinin texniki vəziyyəti, yolnəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlardır.

Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası aşağıdakı növlər üzrə aparılır:

  1. Yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi (avtotexniki ekspertiza).
  2. Nəqliyyat vasitələrinin izlərinin tədqiqi (nəqliyyat-trasoloji ekspertiza).
  3. Nəqliyyat vasitələrinin hissələrinin tədqiqi (metalloqrafik ekspertiza).

Prosessual qanunvericiliyə uyğun olaraq ekspertizaya təqdim olunmuş materiallar ekspertizanın təyin olunması haqqında qərardan (qərardaddan), ekspert tədqiqatının obyekti olan və rəy verilməsi üçün ekspertə zəruri olmaqla faktiki halları əhatə edən əşya (maddi sübut) və sənədlərdən ibarət olmalıdır.

Yol-nəqliyyat hadisəsinin növündən və həlli xüsusi texniki bilik tələb edən sualların məzmunundan aslı olmayaraq, yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərkən işlə birlikdə ekspertizaya göndərilməli olan zəruri sənədlərdə (qərarda, qərardadda, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda və onun sxemində, nəqliyyat vasitələrinə baxış keçirilməsi və onların texniki vəziyyətinin yoxlanması haqqında protokolda və s.) aşağıdakı ümumi məlumatlar göstərilməlidir:

– hadisə baş verən yerdə yolun hərəkət hissəsinin örtüyü (asfaltbeton, bitmiş daş, tökülmə daş, torpaq və s.), hərəkət hissəsinin vəziyyəti (quru, yaş, palçıqlı, qarla örtülmüş, buz bağlamış və s.), yolun profili (üfüqi, eniş və ya yoxuşun dərəcəsi), yolun döngəli hissəsinin radiusu və bucağı, hərəkət hissəsi və yol çiyninin eni, ayırıcı zolağın, qırıq xətt, bütöv və ya qoşa bütöv nişanlama xətlərinin olub-olmaması;

– hadisənin hansı yol nişanının təsir zonasında, yaşayış məntəqəsində, yaxud da yaşayış məntəqəsindən kənarda baş verməsi;

– hadisə baş verən yerdə hadisə vaxtı maneənin və yolun görünüşü;

-hadisə yerində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin nizamlanması (bir yaxud iki istiqamətli hərəkət, piyada keçidi nişanlanma xəttinin və piyada keçidi yol nişanlarının olub-olmaması, yolayrıcında kəsişən yolların eyni dərəcəli olub-olmaması, svetoforun işləmə rejimi);

– əgər hadisə nizamlanan yolayrıcında baş vermişdirsə, onda nəqliyyat vasitələrinin və ya piyadanın yolayrıcına svetoforun yaxud nizamlayıcının hansı siqnalında daxil olması;

– nəqliyyat vasitəsinin və onun hissələrindən hadisə yerində qalan bütün izlərin, o cümlədən tormoz izinin hadisə yerinin hansı sahəsində olması, istiqamətləri, eninə və uzununa ölçüləri, izlər arasındakı ölçülər, izlərin yolun kənarına görə koordinatları, mümkün olan hallarda izin hansı nəqliyyat vasitəsinə məxsus olması, tormoz izinin hansı təkərdən (təkərlərdən) qalması, bütöv və ya qırıq-qırıq olması, əgər toqquşma və piyadanın vurulması tormozlama prosesində baş vermişdirsə, onda həmin yerdən tormoz izinin başlanğıc və sonuna qədər olan məsafə də müəyyən olunmalıdır. İzlər arasındakı məsafə ölçülərkən bir təkər izinin orta ox xətti ilə digər təkər izinin orta ox xətti arasındakı məsafə ölçülməlidir;

– hadisə yerində nəqliyyat vasitələrinin, zərərçəkmiş şəxslərin və digər obyektlərin (qan ləkələrinin, nəqliyyat vasitəsindən tökülən yük, ayrılan hissələr, o cümlədən şüşə qırıntılarının, onların ən kiçik  hissələrinin, rəng-boya hissəciklərinin, torpaq-palçıq töküntülərinin, yağ-maye ləkələrinin və s.) yerləşmə vəziyyətləri və koordinatları;

– piyadanın vurulduğu və ya nəqliyyat vasitələrinin toqquşduğu yer və həmin yerin hərəkət hissəsinin kənarına nəzərən koordinatları;

– nəqliyyat vasitəsinin markası, yükü (yükün çəkisi, sərnişinlərin sayı), texniki vəziyyəti, əgər nasazlıq varsa konkret olaraq nasazlığın nədən ibarət olması;

– təhlükənin yaranma anı;

– nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsinə qədər və ondan sonrakı hərəkət trayektoriyası;

– nəqliyyat vasitələrinin hərəkət sürətləri;

– nəqliyyat vasitəsinin piyada ilə və ya digər nəqliyyat vasitəsi ilə kontaktda olan hissəsi.

Hadisə yerinə baxış zamanı, hadisə yerinin vəziyyətini xarakterizə edən aşağıdakı fotoşəkillər çəkilməlidir:

– istiqamətləndirici fotoşəkil;

– icmal fotoşəkil;

– mərkəz fotoşəkil;

– müfəssəl fotoşəkil;

İstiqamətləndirici fotoşəkil hadisə yerinin, onu əhatə edən sahə ilə birlikdə çəkilmiş fotoşəkilidir. Bu cür şəkilçəkmə müəyyən hündürlükdən aparıldıqda daha yaxşı nəticə verir.

İcmal fotoşəkil hadisə yerinin ətrafdakı sahədən təcrid olunmuş halda çəkilmiş fotoşəklidir. İcmal fotoşəkil çəkmə zamanı panoram şəkilçəkmə üsulundan istifadə olunması daha məqsədəuyğundur.

Mərkəz fotoşəkil hadisə yerinin və nəqliyyat vasitələrinin daha mühüm sahələrinin çəkilmiş fotoşəkilləridir. Nəqliyyat vasitələrinin əzilmiş hissələrinin və ayrı-ayrı izlərin çəkilmiş şəkilləri mərkəz fotoşəkilə misal ola bilər. Mərkəz fotoşəkil çəkmə zamanı obyektlərin ölçüləri və onların arasındakı məsafələri müəyyən etmək üçün miqyaslı və metrik şəkilçəkmə üsullarından istifadə edilir.

Müfəssəl fotoşəkil ətrafdakı predmetlərdən ayrılıqda, nisbətən kiçik olan əşya və izlərin çəkilmiş fotoşəkilləridir. Müfəssəl fotoşəkil çəkilərkən, şəkli çəkilən predmetin işıqlandırılmasına xüsusi fikir verilməli, həmçinin predmetin bütün hissələri və cizgilərinin şəkildə əks edilməsi təmin olunmalıdır.

1.Yol-nəqliyyat hadisəsi ekspertizasının təyini zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı müəyyənləşdirilməli olan digər məlumatlar yol-nəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar aşağıda göstərilir.

Piyadanın vurulma faktı üzrə:

– əgərhərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olmuşdursa, onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar);

– təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması;

– piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), piyadaların əl-ələ tutaraq hərəkətdə olmaları, qucağında uşaq, yaxud əlində yük olan piyadanın yolu keçməsi, piyadann sərxoş olub-olmaması;

– təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə. Əgər piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə;

– əgər piyada nəqliyyat vasitəsinin yan hissəsi ilə vurulursa, onda nəqliyyat vasitəsinin qabaq hissəsindən piyadanın ilkin kontaktda olduğu yerə qədər olan məsafə;

– piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt. Əgər təhlükə yarandıqdan sonra nəqliyyat vasitəsi ilə piyada vurulana qədər dayanmışdırsa, onda piyadanın dayanma vaxtı da nəzərə alınmalıdır. Əgər hər hansı səbəbə görə istintaq tərəfindən piyadanın vurulana qədər qət etdiyi məsafəyə sərf olunan eksperiment vaxtını təyin etmək mümkün deyildirsə, onda piyadanın hərəkət sürətinin onun yaşına və tempinə müvafiq olaraq «Piyadaların hərəkət sürəti cədvəlindən» ekspert tərəfindən qəbul edilməsi haqqında göstəriş verilməlidir;

– əgər piyada tərpənməz maneənin arxasından çıxırsa, onda həmin maneə ilə piyada arasında olan məsafə;

– əgər piyada eyni iətiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısından çıxırsa, onda həmin istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkət sürəti (təxmini), həmin nəqliyyat vasitəsinin hərəkət hissəsinin kənarına görə koordinatı və piyada nəqliyyat vasitəsinin qarşısından çıxdığı anda həmin nəqliyyat vasitəsi ilə piyada arasında olan məsafə;

– əgər piyada əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin arxasından çıxırsa, onda həmin nəqliyyat vasitəsinin hərəkət sürəti (təxmini), həmin nəqliyyat vasitəsinin hərəkət hissəsinin kənarına görə koordinatı və piyada nəqliyyat vasitəsinin arxasından çıxdığı anda həmin nəqliyyat vasitəsi ilə piyada arasında olan məsafə.

Nəqliyyat vasitələrinin toqquşması faktı üzrə:

– toqquşma nəqliyyat vasitələri qarşı-qarşıya hərəkətdə olarkən baş vermişdirsə, onda sola çıxan nəqliyyat vasitəsinin təhlükə yaratdığı andan toqquşmaya kimi qət etdiyi məsafə, yaxud həmin anda nəqliyyat vasitələri arasında olan məsafə;

– toqquşma nəqliyyat vasitələrinin eyni istiqamətdə hərəkəti zamanı baş vermişdirsə, onda hərəkət üstünlüyü olmayan nəqliyyat vasitəsinin təhlükə yaratdığı andan toqquşma yerinə kimi qət etdiyi məsafə və yaxud da təhlükə yaranan anda təhlükə yaradan nəqliyyat vasitəsinin arxa hissəsi ilə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinin qabaq hissələri arasında olan məsafə;

– toqquşma yolayrıcında baş vermişdirsə, onda hərəkət üstünlüyü olmayan nəqliyyat vasitəsinin təhlükə yaratdığı andan toqquşma yerinə kimi qət etdiyi məsafə;

– dayanma yerindən hərəkətə başlayan nəqliyyat vasitəsinin qısa məsafəni qət etməsi müddətində stabil sürətlə hərəkət edə bilməməsi nəzərə alınmaqla, hərəkət üstünlüyünə malik olmayan nəqliyyat vasitəsinin (yolayrıcında və ya yolayrıcından kənarda) təhlükə yaratdığı andan toqquşma yerinə qədər qət etdiyi məsafəyə sərf olunan vaxt müəyyən edilməlidir;

– nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı yolun soluna çıxan nəqlyyat vasitəsi öz yoluna qayıdarkən toqquşma baş verirsə, onda ilk dəfə yolun soluna çıxan nəqliyyat vasitəsinin təhlükə yaratdığı andan sol hərəkət zolağı ilə öz yoluna qayıtdığı yerə qədər və öz yoluna qayıtdığı yerdən toqquşma yerinə kimi qət etdiyi məsafələr müəyyən edilməlidir.

Nəqliyyat vasitəsinin aşması faktı üzrə:

– yolun əyrilik radiusu, eninə maillik bucağı (eninə mailliyin döngənin mərkəzinə doğru, yaxud döngənin mərkəzindən əks tərəfə) məlumatları istintaq tərəfindən müəyyən edilərsə, nəqliyyat vasitəsinin yolun döngəli hissəsində sürüşməməsi və yaxud aşmaması üçün kritik sürətinin neçə km/saat olmasını müəyyən etmək olar.

2.Nəqliyyat vasitələri izlərinin tədqiqi (nəqliyyat-trasoloji ekspertiza) üzrə.

Nəqliyyat vasitələrinin toqquşması faktı üzrə:

– nəqliyyat vasitəsinin hadisədən əvvəlki hərəkət istiqamətinin və trayektoriyasının təyini.

Nəqliyyat vasitələri, nəqliyyat vasitələrinin əziklərini, hadisə yerində qala bilən təkər izi: -diyirlənmə, nəqliyyat vasitələrinin sürüşməsi və tormozlanması zamanı qalan izləri, nəqliyyat vasitəsindən hadisə yerinə düşə bilən yağ damcılarını əks etdirən fotoşəkillər təqdim edilməklə həmin suala cavab vermək mümkündür.

– nəqliyyat vasitələrinin mərkəz oxlarına nəzərən toqquşmanın hansı bucaq altında baş verməsinin təyini.

Nəqliyyat vasitələrində əmələ gələn əzikləri aydın əks etdirən icmal, mərkəz və müfəssəl fotoşəkillər istintaq tərəfindən təqdim olunmalıdır.

– toqquşma anında nəqliyyat vasitələrinin hərəkət hissəsinə nəzərən vəziyyətlərinin müəyyənləşdirməsi.

Həmin suala cavab verilməsi üçün yuxarıda göstərilən fotoşəkillər təqdim olunmaqla yanaşı, toqquşmaya qədər hadisə yerində qalan izlər və onun hərəkət hissəsinin kənarına nəzərən koordinatları istintaq tərəfindən müəyyən edilməlidir.

– toqquşmanın hərəkət hissəsinin hansı sahəsində baş verməsinin təyini.

Hadisə yerini və orada qala bilən izləri tam əks etdirən fotoşəkillər, izlərin eninə və uzununa ölçüləri, izlərin başlanğıc və sonunun yolun kənarına nəzərən koordinatları, hadisə yerinə tökülən şüşə, torpaq qırıntılarının ən kiçik hissələrinin və rəng hissəciklərinin yerləşdiyi sahə, onların hərəkət hissəsinin kənarına nəzərən koordinatları, hadisə yerində qalan qazıntı, cızılma və maye izləri, nəqliyyat vasitələrinin toqquşmadan sonrakı dayanma vəziyyətləri haqqında məlumatlara görə toqquşma yeri müəyyən edilir. Bir çox hallarda qeyd olunan məlumatların bir qisminin də istintaq tərəfindən müəyyən edilməsi şəraitində, ekspert tərəfindən toqquşmanın yolun hansı sahəsində baş verməsini müəyyən etmək mümkün olur.

– istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminin mövcud hadisə mexanizminə uyğun olub-olmamasının təyini.

Bu suala istintaq tərəfindən verilən məlumatların analizi nəticəsində cavab vermək mümkün olur.

– hadisə yerində qalan təkər izlərinin xarakteri (diyirlənmə, sürüşmə, tormoz) müəyyən edilsin. Bunun üçün həmin izləri xarakterizə edən keyfiyyətli fotoşəkillər təqdim olunmalıdır.

Nəqliyyat vasitəsi ilə piyadanın vurulması faktı üzrə:

Bir çox hallarda piyadanın vurulduğu nöqtənin və ya həmin nöqtəyə yaxın məsafənin təyini mümkündür. Bunun üçün təkər və tormoz izi, qan ləkəsi, piyadanın yıxıldığı yer, ayaq və ayaqqabı izləri, həmçinin onların istiqamətləri, piyadanın nəqliyyat vasitəsinin hansı hissəsi ilə vurulması, hadisədən sonra nəqliyyat vasitəsinin harada dayanması və hadisədən əvvəl nəqliyyat vasitəsinin hərəkət hissəsinin kənarından hansı məsafədə hərəkətdə olması məlumatları istintaq tərəfindən müəyyən edilməlidir.

Şin və kamera ilə əlaqədar istintaq tərəfindən qoyulmuş suala cavab vermək üçün təkər maddi sübut kimi təqdim olunmalı və çıxarılıb göndərilərkən onun üzərində olan izlərin qorunması təmin olunmalıdır. Təkəri sökmək, yumaq və təmizləmək olmaz. Maddi sübut kimi təqdim olunmuş təkərdən hadisə yerində iz qalmışdırsa, bu barədə həmin izin fotoşəkili, izin eninə ölçülərinin uzunluğu boyunca dəyişib-dəyişməməsi məlumatları ekspertə təqdim olunmalıdır.

Tormoz və sükanlı idarəetmə sistemləri üzrə:

Tormoz və sükanlı idarəetmə sistemlərinin hissələrində olan nasazlıqlar bir çox hallarda kompleks tədqiqat tələb edir. Həmin sistemlərdə həm rezin və həm də metal hissələr olduğundan, həm metalloqrafik, həm də nəqliyyat-trasoloji tədqiqat tələb oluna bilər.

Tormoz və sükanlı idarəetmə sistemlərinin nasazlığı güman edilən hissə ekspertə maddi sübut kimi təqdim olunmalıdır. Maddi sübutun yerindən çıxarılması həmin nəqliyyat vasitəsini bilən mütəxəssis (çilingər) tərəfindən yerinə yetirilməlidir. Maddi sübut elə çıxarılmalıdır ki, tədqiq olunacaq hissə sökülməmiş vəziyyətdə olsun. Zəruri olan hallarda, nasazlığı güman edilən hissənin ekspertə təqdim edilməsi mümkün olmadıqda, tormoz və sükanlı idarəetmə sisteminin texniki vəziyyətinin müəyyən edilməsi məqsədilə nəqliyyat vasitəsinə ekspert baxışı təmin oluna bilər.

Nəqliyyat vasitəsində olan şəxslərdən sükan arxasında kimin oturması ilə əlaqədar sual əsasən kompleks tibbi və nəqliyyat-trasoloji tədqiqat tələb edir. Suala cavab verilməsi üçün hadisə zamanı nəqliyyat vasitəsinin salonunda olan şəxslərin xəsarətləri əks etdirilən tibbi rəylər və həmin nəqliyyat vasitəsi, yaxud nəqliyyat vasitələri ekspertə təqdim olunmalıdır. Bir çox hallarda nəqliyyat vasitəsinin əzilmiş hissələrini və salonun daxilini əks etdirən fotoşəkillərlə də ekspertizanı aparmaq olar.

Nəqliyyat vasitələrinin hissələrinin tədqiqi (metalloqrafik ekspertiza) üzrə suallara cavab verilməsi üçün maddi sübut ekspertə təqdim olunmalıdır. Maddi sübut qablaşdırılarkən izlərin və zədələrin qorunması, sınma səthinin üzərində əlavə izlərin yaranmaması üçün müvafiq tədbirlər görülməlidir. Elektrik lampası közərmə teli (yaxud onun qırılmış hissəsi) və tutqaclarla birlikdə təqdim olunmalıdır.

Bu səhifənin məzmununu qorunub